TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Əliyev Telman Abbas oğlu 2 may 1935-ci ildə Azərbaycanın Goranboy rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1943–1950-ci illərdə Azərbaycanın Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin natamam orta, 1950-1953-cü illərdə isə Əzizbəyov adına kənd orta məktəbində təhsil almışdır. 1953-cü ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna qəbul olub və 1958-ci ildə həmin institutu bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat ilə Hesablama mərkəzinə (hazırda İdarəetmə Sistemləri İnstitutu) göndərilib və orada 1962-ci ilə kimi texnik, mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1962-ci ildə aspiranturaya daxil olmuşdur.

T.A. Əliyev, 1966-cı ildə, Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdiri, professor V.V. Solodovnikovun rəhbərliyi ilə namizədlik dissertasiyasını, 1977-ci ildə isə "Texniki kibernetika və informasiya nəzəriyyəsi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir və 1985-ci ildə rofessor adını almışdır.1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

T.A. Əliyev 1958-1960-cı illərdə yaradılmış, Azərbaycanda informatikanın inkişafında həlledici rol oynayan "Elektron hesablama maşınları" laboratoriyasının əsas təşkilatçısı və 1976-cı ilə qədər rəhbəri olmuşdur. O, Sovet İttifaqının informatika və hesablama texnikası cəmiyyətinin İdarə heyətinin üzvü, informatika, hesablama texnikası və kibernetika üzrə Ekspert Şurasının üzvü olmuşdur. O, kibernetika, informatika və fizikanın kəsişməsində aparılmış bir sıra fundamental işlərin müəllifidir.
1982-ci ildə Kibernetika İnstitutunun direktorunun elmi işlər üzrə müavini təyin edilib. 1984-cü ildən bu günə kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində ictimai əsaslarla kafedra müdiri işləyir. 1988-ci ildən 2020-ci ilə kimi Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunun direktoru vəzifəsində işləyib.
1993-1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının sədri olmuşdur. 1994-cü ildən UNESCO-nun informatika üzrə ekspertləri sırasına daxil edilmişdir.

1997-2001-ci illərdə AMEA-nın FRTE Bölməsinin akademik-katibi olmuşdur. 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət” ordeni ilə təltif olunub. 2008-2015-ci illərdə Ali Attestasiya Komissiyasının Rəyəsət heyətinin üzvü olmuşdur. 2009-cu ildə "Əməkdar elm xadimi” adına layiq görülmüşdür. Son illərdə T.A.Əliyevin rəhbərliyi altında Bibiheybət neft-qazçıxarma idarəsinin 300 obyektində dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən, rentabelliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verən yeni nəsil "robast noise” monitorinq  və idarəetmə sisteminin eksperimental variantı tətbiq edilmişdir.
T.A.Əliyev 2013-cü ildən, Rusiyada (Moskva ş.) nəşr olunan Nəzəri və tətbiqi elmi-texniki "Мехатроника, автоматизация, управление"  və 2018-ci ildən Ukraynada (Kiyev ş.) nəşr olunan Beynəlxalq elmi-texniki "Проблемы управления и информатики"  jurnallarının redaksiya heyətinin üzvüdür.

2015-ci ildə N.Tusi adına mükafata layiq görülmüşdür. 2015-ci ildən İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.121 dissertasiya şurasının sədri olub. 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medalı ilə təltif olunmuşdur.
T. Əliyev tərəfindən bir çoxu WoS indeksli jurnallarda olmaqla 586 elmi əsər, həmçinin, Springer nəşriyyatında 3 monoqrafiya nəşr edilmişdir - «Robust Techology with Analysis of Interference in Signal Processing», Kluver, Academic Plenum Publishers, New York, 2003, «Digital Noise Monitoring of Defect Origin», Series Springer-Verlag, London, 2007 və «Noise Control of the Beginning and Development Dynamics of Accidents» Published by in Springer, 2019. Həmçinin T.A.Əliyev ümumilikdə 27 monoqrafiyanın və 109 patentin müəllifidir, onlardan 30-u Avrasiya patentidir.

T.A.Əliyevin elmi rəhbərliyi altında 37 elmlər namizədi və 12 elmlər doktoru hazırlanmışdır.