TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 490
Xaricdə çıxmış elmi əsərlərin sayı: 213
Patentlərin sayı: 84
Kadr hazırlığı: 35 f.d. və 9 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

"Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri" mövzusunda I respublika konfransı keçirilmişdir

17.05.2017 / Konfranslar, İclaslar, Çıxışlar89

17 may 2017-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” mövzusunda I respublika konfransı keçirilmişdir.

AMEA Rəyasət Heyəti, AR Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılıq etdiyi konfransda Təhsil Nazirliyinin nümayəndələri, AMEA-nın institut və təşkilatlarının rəhbərləri, ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə aparıcı alim və mütəxəssisləri, həmçinin KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq konfransın 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə təsadüf etdiyini qeyd etdi. Ölkədə informasiya cəmiyyəti quruculuğunda bilavasitə iştirak edən hər kəsi bu əlamətdar gün münasibəti ilə təbrik etdi.

AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev "Azərbaycanda proqramlaşdırmanın yaranması və təşəkkülü” mövzusunda məruzə ilə çıxış etdi. Akademik Azərbaycanda kibernetika elmi və proqramlaşdırmanın 60-cı illərdən başlayaraq formalaşmağa başladığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycanda da proqramlaşdırma texnologiyalarının müəyyən ənənəsi vardır. 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycanda elmtutumlu iqtisadi sahələr yox dərəcəsində idi. Telekommunikasiyanın, radioelektronikanın, hesablama texnikasının strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderimiz bu sahənin inkişafına xüsusi diqqət yetirməyə başladı. Bunun da nəticəsində respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə böyük alimlər, mütəxəssislər yetişməyə başladı.

Tədbirdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) kompüter  proqramları təminatı şöbəsinin rəhbəri, İdarəetmə Sistemləri İnstitutun keçmiş əməkdaşı f.-r.f.d. Bəxtiyar Siracov "Proqram mühəndisliyi sahəsində dünya təcrübəsi və tendensiyalar” mövzusunda məruzə ilə çıxış etdi. O, təşkilatın fəaliyyət istiqamətləri, məqsədləri, təşkilat tərəfindən yaradılmış informasiya sistemləri, treninq strategiyaları və s. barədə ətraflı məlumat verdi.

B.Siracov təmsil etdiyi təşkilata 160-dan çox ölkənin üzv olduğunu qeyd edərək bu quruma nüvə enerjisi texnologiyalarının müxtəlif sahələrdə tətbiqi və bu texnologiyaların qeyri-qanuni yolla yayılmasının qarşısının alınması istiqamətlərində fəaliyyət göstərdiyini bildirdi. Həmçinin təşkilatın proqram təminatı üzrə əməkdaşlıq etdiyi şirkətlər, o cümlədən 10 əsas strateji texnologiya trendi barədə məlumat verdi.