TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

“Elm həftəsi” öz işinə başlayıb

11.03.2019 / Konfranslar, İclaslar, Çıxışlar2225

Martın 11-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “Elm həftə”sinin açılış mərasimi olub. Mərasimdə ölkənin müvafiq dövlət qurumları və AMEA-nın elmi-tədqiqat müəssisələrindən olan alim və mütəxəssislər, eləcə də ali təhsil müəssisələrindən olan tələbələr iştirak ediblər.
Əvvəlcə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin ölkədə elmin əhəmiyyətini və çəkisini daha da artıracağına əminliyini ifadə edib.

Sonra AMEA-nın İdarətmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev çıxış edib. O, “Elm həftə”sində Azərbaycan elmində əldə olunan nailiyyətlər və mövcud problemlərə dair müzakirələrin aparılacağını qeyd edərək, tədbirin mühüm nəticələrlə yadda qalacağına inamını bildirib. Sonra akademik T.Əliyev rəhbərlik etdiyi institutun əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Bildirib ki, buraya müxtəlif səviyyəli və təyinatlı intellektuallaşdırılmış mexatron sistemlərin, texnoloji proseslərin riyazi modelləşdirilməsi, identifikasiya və optimallaşdırılması üsullarının araşdırılması, intellektual qərar qəbuletmə texnologiyaları və sistemlərinin öyrənilməsi və s. daxildir.
Sonra akademik institutda neft mədəni üzrə görülən işlər, həyata keçirilən layihələr, eləcə də qurumun alim və mütəxəssisləri tərəfindən yüksək istinad indeksli, impakt faktorlu jurnallarda dərc olunan məqalələr haqqında məlumat verib.
Alim öz çıxışında Rusiya qazının Çin Xalq Respublikasına ixracını həyata keçirən “Sibirin gücü” (“Sila sibiri”) layihəsindən də danışıb. Qeyd edib ki, İSİ-nin “Robust Noise Monitoring” diaqnostika və idarəetmə monitorinq sistemi Rusiya dövlətinin tikdiyi “Sibirin gücü” magistral qaz kəmərinin təhlükəsizliyini təmin edir. Çinə ilk qaz ixracının isə cari ildə həyata keçiriləcəyi nəzərdə tutulur. O, həmçinin dalma nasosları haqqında məlumat verərək bu intellektual idarəetmə qurğusunun tətbiq sahələrindən danışıb. Nasosların əsas xüsusiyyətləri və üstünlüklərini diqqətə çatdıraraq onlardan artezian su hövzələrində, kənd təsərrüfatı sahələrinin suvarılmasında, yeraltı su səviyyəsinin aşağı salınmasında, sənaye sahələrində və s. geniş istifadə olunduğunu deyib.
T.Əliyev İSİ-də dünya elminin tələblərinə cavab verən, multissiplinar tədqiqatların aparıldığını, iqtisadi səmərə verən innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra İSİ-nin Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri laboratoriyasının rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Asif Rzayev “Neftçıxarmada intellektual Onlayn İdaretmə sisteminin yaradılması” mövzusunda məruzə edib. Bildirib ki, əsas məqsəd innovativ texnologiyaların işlənməsi və tətbiqi ilə proseslərin onlayn rejimdə intellektual idarə edilməsi hesabına Azərbaycan Respublikasının quru ərazisində yerləşən və işlənmənin son mərhələsində olan yataqlardan neft hasilatının artırılmasıdır.
Onun sözlərinə görə, dünyada yataqlarda qalıq və ya çıxarıla bilməyən neft ehtiyatları 55-70 faiz təşkil edir. Azərbaycan Respublikası üçün bu rəqəm 45-50 faiz təşkil edir.
Məruzəçi innovativ texnologiyaların tətbiqi ilə neft hasilatı prosesinin operativ idarə olunmasına dair sxemi də təqdim edib.
A.Rzayev, həmçinin “Smart artezian” pilot layihəsi və “Elektrik enerjisinə qənaət avadanlığı - tezlik çeviricilərinin AMEA-nın Yüksək Texnologiyalar Parkında istehsalı” mövzusunda təqdimatlarla çıxış edib.
Sonda tədbir iştirakçıları YT Parkda görülən işlər, istehsal olunan məhsullar və həyata keçirilən layihələrlə yaxından tanış olublar.