TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: Direktor
Xidməti tel.: (+994 12) 5390151
Faks: (+994 12) 5392826
E-poçt: director@isi.az

Akademik Telman Əliyevin 85 yaşı tamam olur

01.05.2020 / Konfranslar, İclaslar, Çıxışlar76

Mayın 2-də informatika sahəsində görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin 85 yaşı tamam olur.

Telman Əliyev 1935-ci il mayın 2-də Goranboy rayonunda anadan olub. O, 1958-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirib. 1966-cı ildə “Hesablama texnikası” ixtisası üzrə fəlsəfə doktoru, 1977-ci ildə “İnformasiya nəzəriyyəsi və texniki kibernetika” ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini, 1985-ci ildə professor elmi adını alıb. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilib.

Əmək fəaliyyətinə 1958-ci ildə Hesablama Mərkəzində (hazırda İdarəetmə Sistemləri İnstitutu) başlayan alim 1962-ci ilə qədər texnik, mühəndis, böyük mühəndis vəzifələrində çalışıb. 1965-1982-ci illərdə Kibernetika İnstitutunda baş mühəndis, kiçik, böyük elmi işçi, laboratoriya rəhbəri, 1982-1984-cü illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində işləyib. O, 1984-1988-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda kafedra müdiri olub. 1988-ci ildən bugünədək AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsində çalışır. 1997-2001-ci illərdə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 2008-2015-ci illərdə Ali Attestasiya Komissiyasının Rəyəsət Heyətinin üzvü olub.

Alim 2013-cü ildən Rusiya Federasiyasında dərc olunan “Mexatronika, avtomatlaşdırma, idarəetmə” və 2018-ci ildən Ukraynada işıq üzü görən “İdarəetmənin və informatikanın problemləri” elmi jurnallarının redaksiya heyətinin üzvüdür.

O, 1958-1960-cı illərdə keçmiş SSRİ-nin başqa respublikalarından xeyli əvvəl “Elektron hesablayıcı maşınlar”  laboratoriyasının yaranmasının əsas təşkilatçısı və 1976-cı ilədək rəhbəri kimi Azərbaycanda informatikanın sürətlə inkişafına həlledici təsir göstərib.

Akademik T.Əliyev tərəfindən siqnalların robast analizi texnologiyaları və nəzəriyyəsi, stoxastik proseslər üçün identifikasiyanın, tanınmanın və diaqnostikanın adekvatlığını təmin etməyə imkan verən nəzəriyyə və texnologiyaları, siqnalların küylərinin faydalı informasiya daşıyıcıları kimi analizi texnologiyası və nəzəriyyəsi, dövrü küylü siqnalların mövqeli-binar analizi texnologiyası və nəzəriyyəsi yaradılıb.

Alim texniki obyektlərdə “qəzaların gizli dövrünü monitorinq etməyə imkan verən noise texnologiyalarının və sistemlərinin” yaradılmasının nəzəri əsaslarını təklif edib. Yaradılmış sistem Heydər Əliyev adına Neftayırma zavodunda, “Şirvan OIL” şirkətində, Balaxanı Neftqazçıxarma idarəsində tətbiq edilib. 2013-cü ildə Bibiheybət neft-qazçıxarma idarəsinin 35 obyektində dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən, rentabelliyi 2 dəfəyə qədər  artırmağa imkan verən yeni nəsil “robast noise monitorinq sistemi”nin eksperimental variantı tətbiq edilib. İndiyə qədər bu sistem 300-dən artıq quyuda tətbiq olunub.

T.Əliyev 586 elmi əsər, o cümlədən 27 monoqrafiya və 109 patentin müəllifidir. Onun rəhbərliyi ilə 12 elmlər və 37 fəlsəfə doktoru hazırlanıb.

O, elmi və elmi-təşkilati fəaliyyət sahəsində xidmətlərinə görə 1991-ci ildə M.V.Keldış adına qızıl medala, 2004-cü ildə “Şöhrət ordeni”nə, 2009-cu ildə “Əməkdar elm xadimi” adına, 2015-ci ildə Nəsrəddin Tusi adına mükafata layiq görülüb. 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına gümüş medalla təltif olunub.

Görkəmli alimi 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

mənbə: www.science.az