2024-cü ildə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) İdarəetmənin nəzəri və tətbiqi problemləri istiqaməti üzrə alınan mühüm elmi nəticələrindən biri də AMEA-nın müşaviri, akademik Telman Əliyevin rəhbərliyi altında t.e.d., professor Nailə Musayeva, t.e.d., dosent Fəhrad Paşayev, t.e.d., dosent Qəmbər Quluyev və t.e.d., dosent Asif Rzayev tərəfindən icra olunan “Laylara əhəmiyyətli həcmdə suyun vurulması hesabına neft mayesinin hasilat quyularına sıxışdırılması və hasilatı mexanikləşdirilmiş ŞDNQ və EDN qurğuları vasitəsilə həyata keçirilən qurğularda baş verə biləcək qəzaların gizli dövrlərinin küy texnologiyaları əsasında diaqnostikasının ümumi metodu və sisteminin işlənib hazırlanması” olmuşdur.
Qərinələrlə istismar olunan neft mədənlərində neft-su qarışığının hasilat quyularına doğru sıxışdırılması laya əhəmiyyətli həcmdə suyun mərkəzdən qaçma nasosları vasitəsilə vurulması və quyulardan çıxarılması ŞDN (Ştanqlı Dərinlik Nasos) və EDN (Elektrik Dalma Nasos) qurğuları vasitəsilə həyata keçirilir. Bu qurğularda baş verə biləcək qəzaların gizli dövrünün küy texnologiyaları əsasında diaqnostikasının ümumi metodu və SCADA sistemi işlənib hazırlanmışdır.
Tədqiqatda həmçinin, məhsuldarlığı aşağı, sululuğu yüksək olan neft quyularının neft-su nisbətini artırmaq məqsədilə səmərəli istismar rejiminin seçilməsinin mümkünlüyü və praktiki tətbiq yolları göstərilmişdir. Bütün bu elmi yeniliklər uzun müddətdir istismarda olan neft mədənlərinin rentabelliliyinin yüksəlməsinə imkan yaradır.





