23 dekabr 2016-cı il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2016-cı ili əhatə edən hesabat iclası keçirilmişdir. Bölmənin akademik-katibi vəzifəsini icra edən, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat vermiş, iclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan 6 institutun cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirmişdir.
İclasda AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev də illik hesabat ilə bağlı çıxış etmiş və bildirmişdir ki, 2016-cı ildə institutda böyük tətbiqi əhəmiyyəti olan 17 mövzu üzrə, 9 elmi tədqiqat işi aparılmış və bir sıra mühüm elmi nəticələr alınmışdır. Hesabat ilində 2 elmlər və 6 fəlsəfə doktoru dissertasiya işləri müdafiə edilmişdir.
T.Əliyev 2016-сı ildə institutun əməkdaşları tərəfindən 359 elmi əsər çap olunduğunu, o cümlədən, 6 monoqrafiyadan 3-ü və 210 məqalədən 132-nin xaricdə çap edildiyini bildirdi. Onlardan 20-si "Thomson Reuters" və 23-ü Scopus bazalarında, 89-u isə digər xarici nüfuzlu jurnallarda dərc olunub.
Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunmuşdur.