Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli riyaziyyatçı alim, Əməkdar elm xadimi, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan "Riyaziyyat və mexanikanın müasir problemləri" mövzusunda beynəlxalq konfransa yekun vurulub.
Mərkəzi Elmi Kitabxanada təşkil edilən tədbiri giriş sözü ilə açan AMEA-nın prezienti, akademik Akif Əlizadə bildirib ki, görkəmli alim Akif Hacıyev Azərbaycanda riyaziyyat və mexanika elmlərinin inkişafında, yüksəkixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında mühüm xidmətləri olan, özündən sonra dərin iz qoyan şəxsiyyətlərdən biridir.
A.Hacıyevin elm təşkilatçısı kimi əvəzsiz xidmətləri, riyaziyyat elminin inkişaf etdirilməsi və təbliği sahəsində çoxşaxəli, gərgin və məhsuldar əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik Akif Əlizadə qeyd edib ki, alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Şöhrət" ordeni ilə təltif edilib, "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Akif Hacıyevlə bağlı xatirələrini bölüşən Akademiya rəhbəri onun elmimizdə özünəməxsus yeri olan əvəzedilməz alim olduğunu və xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını bildirib.
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov mərhum Akif Hacıyevin həyat və yaradıcılığından danışıb.
Sonra çıxış edən İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, akademik Yusif Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Nizaməddin İsgəndərov, Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İbrahim Quliyev akademik Akif Hacıyevin elmi-pedaqoji fəaliyyətindən danışıblar, alimlə bağlı xatirələrini bölüşüblər.