İyulun 11-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VI Beynəlxalq konfransı (COIA-2018) işə başlayıb.
Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən 250-yə yaxın alim və tədqiqatçı iştirak edir. Həmçinin İdarəetmə Sistemləri İnstitunun nümayəndəliyi institunun direktoru akademik Telman Aliyev başda olmaqla konfransda iştrak edir.
Konfransı giriş sözü ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açaraq informasiya-kommunikasiya texnologiyaları sahəsinin dünyada dinamik inkişafından danışıb.
Sonra Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən olduğunu deyib.
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, akademik Fikrət Əliyev isə konfransın tarixindən və əhəmiyyətindən söz açıb. Bildirib ki, artıq 3-cü dəfədir Bakıda keçirilən konfrans akademik mühit və ali təhsil müəssisələrindən olan tədqiqatçıların, eyni zamanda, tələbələrin fkirlərini bölüşmək, eləcə də son elmi nəticələri müzakirə etmək üçün platforma rolunu oynayır.
Daha sonra ABŞ universitetinin tanınmış professoru Tamer Başarın konfransa təbrik məktubu oxunub. Tədbirdə ukraynalı alim, professor Vladimir Larin və digərləri çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin də geniş müzakirəsi nəzərdə tutulur.
Konfransın mövzularına “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, "Fazi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifkasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi istiqamətlər daxildir.