11-12 avqust 2019-cu il tarixində Türkmənistanda, “Avaza” Milli Turizm Zonasında Birinci Xəzər İqtisadi Forumu keçirilmişdir.
Foruma Xəzəryanı ölkələrin nümayəndə heyətləri, hökumət başçıları və üzvləri, sahilyanı regionların və regional icra orqanlarının rəhbərləri, bank sektorunun nümayəndələri və Xəzər regionunun və maraqlı ölkələrin işgüzar dairələri, alimlər, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri iştirak etmişlər.
Birinci Xəzər İqtisadi Forumunun gündəliyinə ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də iri layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi mövzusunda müzakirələr daxil idi. Həmçinin forum çərçivəsində beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlərin təşkili nəzərdə tutulmuşdur.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev 12 avqust tarixində Forumun “ Xəzər regionunda elmi tədqatlar sahəsində əməkdaşlıq” 6-ci tematik sessiyasında " Xəzər regionunda neft və qaz obyektlərinin istismarının təhlükəsizliyi problemləri ” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxışında T.Əlyev aşağıda qeyd olunan mövzulara toxunmuşdur:
1. Neft və qaz obyektlərinin kommunikasiya və infrastrukturunun istismarının təhlükəsizliyini təmin edən intellektual sistemlərin yaradılması;
2. Qazma qurğularının qəza vəziyyətinin başlanmasının xəbərdarlıq sisteminin yaradılması;
3. Güclü qasırğa küləkləri və seysmik proseslər zamanı neft-qaz obyektlərinin texniki vəziyyətinin və seysmodayanıqlığının dəyişməsinin qizli dövrünün nəzarət sisteminin yaradılması;
4. Neft-qaz obyektlərinin yerləşdiyi ərazilərdə seysmik proseslərin başlanmasının intellektual xəbərdarlıq sisteminin yaradılması.
Çıxışda Şərq-Qərb nəqliyyat koridorunda loqistika problemlərinin həllində kommunikasiya və infrastrukturun təhlükəsizliyi problemlərinə də xüsusi diqqət verilmişdi.
Akademik Telman Əliyevın çıxışı böyük maraq doğurmuş və qaldırılan məsələlərin aktuallığı iştrakçılar tərəfindən qeyd olunmuşdur. Eyni zamanda Türkmenistan Televiziyası və aparıcı mediya nümayəndələri (qazetlər) T. Əliyevdən müsahibə (intervyu) almışlar.