9 oktyabr 2019-cu il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Bakı Mühəndislik Universitetı (BMU) və AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxışında əməkdaşlığın uğurlu olacağını vurğulayıb. O bildirib ki, hər üç tərəfin kifayət qədər elmi və təcrübi potensialı var. Bu əməkdaşlıq sayəsində yeni innovativ elmi-tədqiqat işlərinin aparılması və yeni texnologiyaların işlənilməsi həyata keçiriləcək.
Digər çıxışlardan sonra BMU-nun rektoru, professor Havar Məmmədov, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi direktoru, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev əməkdaşlıq müqaviləsini imzalayıblar.
Müqavilənin məqsədi BMU-da fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparilması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiq olunmasıdır.
Sənəddə bir çox istiqamətlərdə (tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, birgə elmi-praktik tədbirlərin təşkil olunması, təhsillə bağlı layihələrdə birgə iştirak, elmi əsərlərin, tədris və tədris-metodik resursların hazırlanması, tələbələrin yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, fəaliyyət istiqamətlərinə uyğun mövzular çərçivəsində kursların təşkili,sənayenin aktual problemlərinin həllində birgə elmi-tədqiqat işlərinin aparılması, layihələrin həyata keçirilməsi və s.) birgə əməkdaşlıq məsələləri öz əksini tapıb.
Sonda qonaqlar BMU-nun maddi-texniki bazası ilə tanış olublar.
Link: www.beu.edu.az/az/news/xeberler/bmu-ile-amea-nin-iki-strukturu-arasinda-emekdasliq-muqavilesi-imzalanib-10213/