13 dekabr 2019-cu il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti büro iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, eləcə də bir sıra alim və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan FRTEB-in akademik-katibi, akademik Nazim Məmmədov gündəlikdəki məsələləri diqqətə çatdırıb. Büronun gündəliyində yubileylər, elmi-təşkilat məsələləri və kadr məsələləri haqqında danışıb.
Yığıncaqda bölməyə daxil olan institutların cari ildəki elmi və elmi təşkilati fəaliyyəti barədə hesabatları da dinlənilib.
İdarəetmə Sistemləri İnstitutunun 2019-cu ildəki hesabatı ilə bağlı çıxış edən müəssisənin direktoru, akademik Telman Əliyev institutda 39 tədqiqat işinin aparıldığını, əldə olunmuş nəticələrin 4 kitab, 218 məqalədə əksini tapdığını bildirib. Alimin sözlərinə görə, bu məqaləlrəin 146-sı nüfuzlu elmi jurnallarda, o cümlədən 79-u Web of Science və Scopus bazalarına daxil olan jurnallarda dərc olunub. Alimlərimizin nəşrlərinə 1362 istinad qeydə alınıb. Həmçinin cari ildə institutda 12 qrant layihəsi çərçivəsində tədqiqat aparılıb.