Azərbaycanlı alimlərin kəşf etdikləri "küy texnologiyası"nın əhəmiyyətindən danışacağıq. Çoxları hələ də məlumatsız olsa da, məhz bu texnologiyanın köməyi ilə bir sıra ciddi və həyati əhəmiyyət kəsb edən problemləri vaxtında aradan qaldırmaq mümkün olacaq. Məsələn, dəmir yollarında, körpülərdə yaranacaq nasazlıqlar vaxtında aşkarlanacaq ki, bu da qəzaların qarşısını almış olacaq. Artıq bu barədə layihə də hazırlanıb.
Azərbaycan alimlərindən yenilik. Qatarlara yerləşdiriləcək "qara qutu"lar dəmir yollarında yaranan nasazlıqları əvvəlcədən xəbər verəcək.
Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun alim və mütəxəssisləri tərəfindən kəşf olunan "küy texnologiyası" bir sıra problemlərin vaxtında aradan qaldırılmasına kömək edəcək. İnstitutun əməkdaşı, akademik Telman Əliyev deyir ki, bu texnologiya vasitəsilə ilk növbədə dəmir yollarında yaranan nasazlıqları tez bir zamanda aşkarlamaq mümkün olacaq. Bunun üçün hər bir qatarda xüsusi hazırlanmış "qara qutu"lar yerləşdiriləcək. İnstitutun əməkdaşları "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi boyunca "dəmiryol yatağının təhlükəsizliyi" ilə bağlı layihə də hazırlayıblar.
Küy texnologiyası əsasında hazırlanmış başqa bir qurğunun köməyi ilə isə körpülərdə və keçidlərdə yaranan hər hansı nasazlığı vaxtında aşkarlamaq mümkün olar.
Telman Əliyev deyir ki, həmin texnologiya ilə qatarların mexanizmlərində yaranan nasazlıqları da qısa zamanda tapmaq mümkündür. Habelə, küy texnologiyasının gələcəkdə geniş tətbiqi seysmoloji hadisələrin öncədən öyrənilməsinə, qazıntı işləri zamanı yarana biləcək təhlükələrin aradan qaldırılmasına kömək edə bilər. Bu texnologiyanın həmçinin ərazilərin minalardan təmizlənməsi prosesində də tətbiqi mümkündür.