Dekabrın 13-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Beynəlxalq konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Prezident İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında" 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən danışıb, bu sənədi Azərbaycan elmində xüsusi xidməti olan görkəmli alimin əməyinə verilən yüksək qiymət və qayğının təzahürü kimi dəyərləndirib.
AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrin tanınmış alimləri iştirak etdilər. Beynəlxalq konfransda çıxış edənlər Azad Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, akademiklə bağlı xatirələrini bölüşüblər.
Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə "Akademik Azad Mirzəcanzadə adına medal" təqdim olundu.