AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev və “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri Tofiq Babayev 15-17 oktyabr 2019-cu il tarixlərində Gürcüstanın Kutaisi şəhərində Akaki Tsereteli adına Texniki Universitetdə keçirilən 5-ci Gürcü-Polşa Beynəlxalq Avropa-Asiya Nəqliyyat Körpüsü Elmi Texniki (“Transport Bridge Europe-Asia”) konfransında iştirak etmişdilər.
Konfransın işində Polşa, Litva, Latviya, Ukrayna, Gürcüstan və Azərbaycanın 25-dən artıq alimləri nəqliyyat problemlərinə həsr olunmuş elmi tədqiqat işlərinin nəticələri ilə çıxış etmişdilər.
Beynəlxalq konfransda T.Əliyev “Using fuzzy set theory and noise analysis technologies to enhance validity and reliability of control of the condition of the running gear of rolling stock” (“Qatarın hərəkətli hissələrinin vəziyyətinə nəzarətin etibarlılığı və dürüstlüyünün artırılması üçün qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və noise texnologiyalarının tətbiqi") adlı məruzə ilə çıxış edib.
Akademik T.Əliyevın çıxışında “Bir Kəmər Bir Yol” Şərq-Qərb Nəqliyyat Dəhlizi boyunca hərəkətdə olan qatarların təhlükəsizliyi, infrastruktur qurğuların (dəmir yolu, körpülər, tunnelər və s.) texniki vəziyyətinin monitorinqi üçün Noise texnologiyalarının istifadə olunması və müxtəlif tipli intellektual noise monitorinq sistemlərinin yaradılması və tətbiqi barədə geniş məlumat verilmişdir.
Çıxış ətrafında geniş müzakirələr keçirilmiş və qarşılıqlı əməkdaşlıq təkliflər barədə danışıqlar aparılmışdır.
Rafael Dvali adına Gürcüstan Maşın və Mexanizmlər İnstitunun (MMİ) direktoru, akademik Tamaz Natriaşvili ilə akademik T. Əliyev arasında MMİ və İSİ-nin “Bir Kəmər Bir Yol” Şərq-Qərb Nəqliyyat Dəhlizi boyunca intellektual monitorinq təhlükəsizliklik sistemlərinin yaradılması üçün Memorandum imzalamaq barədə razlıq əldə edilmişdir.