2 iyun 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Rusiyanın OOO AVP Texnologiya şirkətinin baş direktor müavini, t.e.d, professor Sorin Leonid Naumeviç ilə görüş keçirilib. Görüşdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, AMEA-nın müşaviri, akademik Telman Əliyev və Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev iştirak ediblər.
Görüşdə S.L.Naumeviç OOO AVP Texnologiya şirkətində hazırda həyata keçirilən layihələr barədə məlumat verib. O, qeyd edib ki, son iyirmi ildə Rusiya, Belarus və Qazaxıstan ərazisindəki dəmiryollarında istifadə edilən elektrovozlarda şirkətin tətbiq etdiyi avadanlıq və sistemlər enerji və yanacaq qənaətinə, yanğın təhlükəsizliyinin artırılmasına yol açmış, böyük iqtisadi səmərə vermişdir.
Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev İSİ-də son illərdə dəmiryolu nəqliyyatında təhlükəsizlik problemləri ilə əlaqədar həyata keçirilən elmi-tədqiqat işləri barədə geniş məlumat verib. Cari ilin may ayında Daşkənd şəhərində keçirilən I Beynəlxalq Nəqliyyat Konfransında T.Əliyevin çıxış etdiyi “Проблемы повышения степени безопасности эксплуатации транспортного коридора восток-запад” mövzusunda S.L.Naumeviçlə müzakirələr aparılıb.
Daha sonra sözügedən müəssisələr arasında dəmiryolu nəqliyyatında təhlükəsizliyin artırılmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi və intellektual sistemlərin yaradılması barədə fikir mübadiləsi aparılıb və əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu İSİ-nin baş direktoru, akademik Əli Abbasov və OOO AVP Texnologiya şirkətinin baş direktor müavini, t.e.d, professor Sorin Leonid Naumeviç imzalayıblar.
Qeyd edək ki, uzun illər təcrübəsi olan OOO AVP Texnologiya şirkətinin əsas fəaliyyət istiqamətləri dəmiryolunda avtomatik idarəetmə, maşinistin məlumatlandırılması, parametrlərin qeydiyyata alınması, elektrovoz və vaqonların texniki vəziyyətin monitorinqi, kontrolu və kompleks sistemlərin yaradılmasıdır.