TELMAN ƏLİYEV

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

Doğum tarixi: 2 may 1935
Doğum yeri: AR Goranboy rayonu
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, akademik
Elmi əsərlərin ümumi sayı: 587
Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
Patentlərin sayı: 109
Kadr hazırlığı: 37 f.d. və 12 e.d.
İş yeri: AMEA-nın İdarəetmə
Sistemləri İnstitutu
Vəzifəsi: AMEA-nın müşaviri
Xidməti tel.: (+994 12) 5394384
Faks: (+994 12) 5392826
E-poçt: [email protected]

Dünya şöhrətli alim, akademik Telman Əliyevin anadan olmasının 87 ili tamam olur

02.05.2022 / Konfranslar, İclaslar, Çıxışlar982

Bu gün görkəmli alim, texnika elmləri doktoru, akademik Telman Əliyevin anadan olmasının 87 ili tamam olur.

Telman Abbas oğlu Əliyev 2 may 1935-ci ildə Goranboy rayonunda ziyalı ailəsində anadan olmuşdur. Ali təhsilini M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)  almış T.Əliyev təyinat ilə Hesablama mərkəzində (hazırda AMEA İdarəetmə Sistemləri İnstitutu) texnik, mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1988–2020 illərdə isə AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

1966-cı ildə T.Əliyev Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdiri, professor V.V.Solodovnikovun rəhbərliyi ilə namizədlik dissertasiyasını, 1977-ci ildə isə "Texniki kibernetika və informasiya nəzəriyyəsi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və 1985-ci ildə professor elmi adını almışdır. Görkəmli alim 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Çoxşaxəli elmi fəaliyyəti olan alim 1958–1960-cı illərdə Azərbaycanda informatikanın inkişafında həlledici rolu olan "Elektron hesablama maşınları" laboratoriyasının əsas yaradıcısı və 1976-cı ilə qədər rəhbəri olmuşdur. O, Sovet İttifaqının informatika və hesablama texnikası cəmiyyətinin İdarə heyətinin üzvü, informatika, hesablama texnikası və kibernetika üzrə Ekspert Şurasının üzvü olmuşdur. Akademik kibernetika, informatika və fizikanın kəsişməsində aparılmış bir sıra fundamental işlərin müəllifidir.

Akademik 1994-cü ildən UNESCO-nun informatika üzrə ekspertləri sırasına daxil edilmişdir. O, 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilətəltif olunmuş, 2009-cu ildə isə "Əməkdar elm xadimi" adına2015-ci ildə N.Tusi adına mükafata layiq görülmüşdür və 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medalı ilə təltif olunmuşdur.

Son illərdə alimin rəhbərliyi altında Bibiheybət neft-qazçıxarma idarəsinin 300 obyektində dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən, rentabelliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verən yeni nəsil "robast noise" monitorinq və idarəetmə sistemi tətbiq edilmişdir.

Dəyərli alim T.Əliyev tərəfindən 400-ə yaxın xaricdə, o cümlədən Web of Science indeksli jurnallarda olmaqla ümumilikdə 586 elmi əsər, həmçinin Şpringer nəşriyyatında  "Robust Techology with Analysis of Interference in Signal Processing", "Digital Noise Monitoring of Defect Origin" və "Noise Control of the Beginning and Development Dynamics of Accidents" adlı monoqrafiyaları nəşr edilmişdir. T.Əliyev ümumilikdə 30-a yaxın monoqrafiyanın və 30-u Avrasiya patenti olmaqla 109 patentin müəllifidir. Onun elmi rəhbərliyi altında 37 elmlər namizədi və 12 elmlər doktoru müdafiə etmişdir.

İnstitutun kollektivi adından dünya elminə mühüm töhfələr bəxş etmiş görkəmli alim Telman Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və yeni  uğurlar arzulayırıq!