10 may 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri və digər əməkdaşlar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbbasov qeyd edib ki, 10 may 1923-cü il tarixi müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqillik və inkişaf naminə misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. O, bildirb ki, Ulu öndərin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı olmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir. Məhz Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, dünya məkanında öz layiqli yerini tutmuşdur.
Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu bildirən Ə.Abbasov Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif mərhələlərinə nəzər saldı. Qeyd etdi ki, 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra ölkədə köklü dəyişikliklər baş verdi. Ulu Öndərin müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində 70-80-ci illərdə Azərbaycan regionda ən qabaqcıl dövlətlərdən birinə çevrildi, aqrar ölkədən sənaye ölkəsinə keçidin əsası qoyuldu.
Azərbaycanın dövlətçilik tarixində çətin dövrlərdən biri olan XX əsrin 80-90-cı illərini ətraflı şəkildə xarakterizə edən Ə.Abbasov məhz həmin dövrdəki xarici və daxili təzyiqlərdən və dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, xalqın rifahı uğrunda apardığı mübarizədən bəhs etdi. Qeyd etdi ki, müxtəlif maneələrə, təzyiqlərə baxmayaraq Heydər Əliyevin əsas amalı daima Azərbaycan xalqının rifahı, müstəqilliyi olmuşdur. O, vurğuladı ki, Ulu Öndərin qətiyyətli mübarizəsi müstəqillik uğrunda addımların atılmasına, ölkənin dirçəlişinə səbəb oldu və onun uzaqgörən siyasəti nəticəsində qəbul etdiyi qərarlar Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı.
Ə.Abbasov qeyd etdi ki, Ulu öndər üçün ən böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz Azərbaycanın ərazi bütövlüyünün bərpası olmuşdur. Heydər Əliyev bu istiqamətdə taleyüklü qərarlar qəbul etmiş, itirilən pozisiyalar üçün diplomatik sahədə uğurlu addımlar atmış, ordu quruculuğuna xüsusi diqqət göstərmişdir. Ulu öndər, həmçinin ərazi bütövlüyü uğrunda canından keçən soydaşlarımızın xatirəsini əziz tutmuş, müharibə nəticəsində zərər çəkən əhaliyə qayğısını əsirgəməmişdir. Akademik bildirdi ki, məhz Heydər Əliyev üçün önəmli olan bu problem Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsi nəticəsində öz həllini tapdı. Ali Baş Komandanın rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixində düşmən təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın əzəli və əbədi torpaqları işğaldan azad olundu. Ə.Abbasov bildirdi ki, hazırda ölkə başçısının göstərişi ilə azad olunan ərazilərdə müasir inkişaf meyilləri əsasında bərpa və yenidənqurma işləri aparılır.
Çıxışının sonunda Əli Abbasov Azərbaycan Respublikasının müasir dövrdə qüdrətinin və dinamik inkişafının təməlinin məhz dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasəti ilə bağlı olduğunu bir daha vurğuladı. Ömrünün sonunadək xalqı üçün yaşayan dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdi.
Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının, elm və təhsil müəssisələrinin inkişafına göstərdiyi mühüm diqqət və qayğıdan söz açdı və dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşdü. Təkcə Azərbaycanda deyil, ümumilikdə SSRİ məkanında yüksək iradəsi, uzaqgörən siyasəti ilə seçilən Heydər Əliyevlə bağlı xatirələrindən söz açan T.Əliyev Ulu Öndərin alimlərə göstərdiyi ehtiramdan, sosial-iqtisadi dəstəkdən ətraflı şəkildə bəhs etdi.
O, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafından söz açaraq qeyd etdi ki, bu dövr məhz güclü sənaye potensialının yaradılması və bütün sahələrdə sürətli inkişafla xarakterizə olunur. Heydər Əliyevin rəhbərliyi ilə ölkədə rabitə, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər sahələrdə sürətli inkişaf baş verdi, paytaxtda və müxtəlif regionlarda istehsalat birliklərinin, elmi tədqiqat müəssisələrinin əsası qoyuldu, yeni tipli elm tutumlu innovativ məhsul və xidmətlər ərsəyə gəldi. Ümummilli Liderin yüksək dövlətçilik siyasəti nəticəsində ölkənin bütün regionlarında texnoloji elmtutumlu sənaye inkişaf etdi.
T.Əliyev elm və təhsilin inkişafında ölkə başçısı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına, ali təhsil müəssisələrinə, gənc kadr potensialının inkişafına göstərilən xüsusi diqqət və qayğıdan bəhs etdi. Akademik bildirdi ki, sözügedən dövrdə AMEA-da həyata keçirilən islahatların ölkənin innovativ inkişafında xüsusi rolu olmuşdur. T.Əliyev AMEA-da aparılan tədqiqatlara, yüksək inkişaf meyillərinə Heydər Əliyevin xüsusi dəstəyini vurğulayaraq Azərbaycan elminin, müasir standartlara cavab verən texnoloji inkişafın əsasının məhz həmin dövrdən qoyulduğunu bildirdi. Alim Heydər Əliyevin Azərbaycana rəhbərlik dövrünü xalqın müqəddəratının həllində ən önəmli hadisə olduğunu vurğulayaraq dahi şəxsiyyətin xatirəsinin Vətənə dərin məhəbbəti olan hər bir azərbaycanlının qəlbində əziz tutulduğunu və ehtiramla yad edildiyini vurğuladı.
Daha sonra İSİ Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Lamiyə Nəcəfova çıxış edərək Ulu öndərin elmin inkişafına, gənclərin layiqli vətəndaş kimi yetişdirilməsi istiqamətində töhfələrindən bəhs etdi. Bildirdi ki, İctimai-siyasi, mədəni həyatın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi. L.Nəcəfova qeyd etdi ki, Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Sonra AMEA-nın müxbir üzvü Kamil Aydazadə, professor Knyaz Məmmədov, r.e.d. İlqar Məmmədov, dosent Rəna Əsədova və İSİ YAP Ərazi təşkilatının sədri Zülalə Cəbiyeva çıxış edərək unudulmaz lider Heydər Əliyevin zəngin siyasi fəaliyyəti ətrafında çıxış edərək öz xatirələri ilə bölüşdülər.
Tədbirin sonunda Ulu öndərin əziz xatirəsinə həsr olunmuş video çarx nümayiş olundu.