8 iyun 2022-ci il tarixində Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) ümumi elmi seminarı keçirilmişdir. Tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssislər, gənc tədqiqatçılar iştirak ediblər.
Seminarı giriş nitqi ilə açan institutun baş direktoru, akademik Əli Abbasov pandemiya dövründə karantin rejimi ilə əlaqədar olaraq müxtəlif tədbirlərin təşkilində yaranan problemlərə toxundu, məhdudiyyətlərin aradan qaldırıldığı postpandemiya dövründə elmi seminarların mütəmadi keçirilməsinin əhəmiyyətindən söz açdı. Akademik aktual mövzularda fundamental tədqiqatların aparılması, əldə olunan elmi nəticələrin müxtəlif istiqamətlərdə tətbiqi və müvafiq sahədə elmin inkişafı baxımından İSİ-də ənənəvi olaraq keçirilən elmi seminarların önəmini qeyd etdi.
Alim informasiya texnologiyalarının tibb sahəsinə tətbiqinin müasir dövrdə multidissiplinar xarakter daşıdığını diqqətə çatdıraraq bu istiqamətdə mövcud problemlərin həllində institutun alim və mütəxəssislərinin üzərinə düşən vəzifələrdən bəhs etdi. AMEA-nın müşaviri, akademik Telman Əliyevin Azərbaycanda tibbi informatikanın təşəkkülünə bəxş etdiyi töhfələrdən və əldə olunan mühüm elmi nailiyyətlərdən söz açan Ə.Abbasov hazırda sözügedən elmi məktəbin davam etdirilməsi üçün gənc kadrların bu sahəyə cəlb olunmasının zəruriliyini vurğuladı.
Sonra seminarın sədri t.e.d., professor Rövşən Quliyev çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA), o cümlədən İSİ-də həyata keçirilən elm tutumlu layihələr və elmi yeniliklərin ictimaiyyətə çatdırılması, yüksək səviyəli kadrların tədqiqatlara cəlb olunması baxımından bu qəbil təbdirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Seminarında İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının müdiri, r.ü.f.d., dosent Gülçin Abdullayeva “İnformasiya texnologiyalarının tibb sahəsində tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Alim qeyd edib ki, müasir dövrdə informasiya texnologiyalarının bir çox fəaliyyət sahələrinə, o cümlədən tibbə tətbiqi elmi nailiyyətlərin əldə olunmasına və məlumatların optimallaşdırılmasına imkan verir. Belə ki, informasiya ehtiyatlarının idarə olunması və qarşıya qoyulan mürəkkəb məsələlərin həlli üçün yeni axtarış sistemlərinin təkmilləşdirilməsi və informasiya sistemlərinin yaradılması istiqamətində addımların atılması tələb olunur.
Tibbin müxtəlif istiqamətləri üzrə irəliyə doğru inkişafın məhz kompüter tədqiqat sistemlərinin yeni imkanları ilə bağlı olduğunu bildirən G.Abdullayeva kliniki-laborator məlumatların emalı paradiqmasının müasir tibbi informatikanın əsas məsələlərindən olduğunu bildirib. O, tibbi diaqnostika sistemin yaradılmasında mürəkkəb məsələlərdən biri olan formal təsvirdən bəhs edərək xəstəliyin gedişi müddətində simptom və sindromların aşkarlanması barədə məlumat verib. Alim bildirib ki, tədqiqatın əsas məqsədi həkimlərin diqqətini simptomsuz keçən periodlarda yarana biləcək törəmələrin inkişaf prosesinə yönəltməkdir.
G.Abdullayeva ortopediyada cərrahi müdaxilənin məsləhətçi intellektual sistemi, toksiki maddələrlə zəhərlənmələrin komatoz vəziyyətində diferensial diaqnostikası, USM əsasında mürəkkəb təsvirlərin tanınması, Ceyranbatan su anbarında ekoloji təhlükəsizliyi təmin edən intellektual-informasiya sistemi, Jest dilinin tanınması üçün agent arxitekturasında dayaq nöqtələri və s. istiqamətlərdə tədbir iştirakşılarına ətraflı məlumat verib.
Daha sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə professorlar Abbas Rzayev, Allahverdi Həsənov, t.e.d. Fəhrad Paşayev, t.e.d. Qəmbər Quliyev, r.e.d. İlqar Məmmədov, dosent Əbülfət Fətullayev və t.ü.f.d. Rəhilə Sadıqova iştirak ediblər.
Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək müasir texnologiyaların tibbə tətbiqində prioritet elmi tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, müvafiq sahədə dünya təcrübəsinin öyrənilməsi baxımından seminarın əhəmiyyətini vurğulayıb. Alim sözügedən sahədə İSİ-də aparılan tədqiqatların işıqlandırılması və səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib. Ə.Sadıqov, həmçinin institutun yüksək ixtisaslı elmi potensialının müvafiq sahədə multidissiplinar araşdırmalara cəlb olunmasının önəminə toxunub.
Elmi seminarda AMEA-nın müşaviri, akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, professor Abbas Rzayev və t.e.d., professor Rövşən Quliyev təqdim olunan mövzu ətrafında fikir və təkliflərini səsləndiriblər.
Sonda akademik Əli Abbasov çıxış edərək görkəmli alim r.ü.f.d., dosent Gülçin Abdullayevanın fundamental tədqiqatların apaılması, innovativ sistemlərin yaradılması və gənc kadrların hazırlanmasına istiqamətlənən elmi fəaliyyətini yüksək qiymətləndirdi. Akademik seminarda tədqim edilən elmi tədqiqatların səhiyyə sistemində qabaqcıl texnologiyaların tətbiqi və mövcud problemlərin aradan qaldırılması baxımından önəminə toxundu, sözügedən sahədə yeni elmi istiqamətlər barədə tövsiyələrini səsləndirdi.